Hövzə Xəbər Agentliyinin məlumatına görə 14 xordad (iyun ayının əvvəlləri) İslam İnqilabının banisi, İmam Xomeyninin (r) vəfatının ildönümüdür. O, dövrümüzün bütlərini İbrahim (s) kimi qıran və yalnız İran üçün deyil, dünya məzlumlarının və zülmə məruz qalmış millətlərin hamısı üçün azadlıq nümunəsinə çevrilmiş böyük bir şəxsiyyət idi.
Bu böyük mücahid və İslam İnqilabının dahi rəhbərinin vəfatının ildönümü münasibətilə İslam Təbliğat Təşkilatının müavini Höccətül-İslam vəl-muslimin Ruhullah Hərizavi ilə söhbət etdik.
İmam Xomeyninin (r) əxlaqi və ibadi həyat tərzini izah edin
İmam Xomeyninin (r) əxlaqi və ibadi yolu irfan, əxlaq, ibadət və ictimai həyat arasında dərin vəhdətin kamil təcəssümü idi. Lakin bütün bu xüsusiyyətlərin içində, onun şəxsiyyətinin bütün tərəflərini bir ip kimi birləşdirən əsas amil "qiyam lillah" (yalnız Allah üçün qalxmaq) və tağut qarşısında əzmkar duruşu idi.
O, bütün təvazökarlığı, mərhəməti, sadə həyatı, ədalətpərvərliyi və səmimiyyəti ilə yanaşı zülm, istibdad və hegemonluq qarşısında əsla geri çəkilmədi.O, həyatını Qurani Kərimdəki bu ilahi əmr əsasında qurmuşdu:« قل انما اعظکم بواحده ان تقوموا لله مثنی و فرادی»
“De: Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün, iki-iki, bir-bir ayağa qalxın.” (Səba, 46)
O, xalqla, xüsusilə məzlum təbəqələrlə mərhəmət və şəfqətlə davranırdı.Lakin hegemon güclərin qarşısında sərt, prinsipial və cəsarətli idi. Onun baxışına görə, nəfsin tərbiyəsi (təhzib) yalnız Allah yolunda qiyam və zülmə, fəsada və hegemonluğa qarşı duruş ilə birgə olduqda kamil və bərəkətli sayılırdı. Elə bu fərdi əxlaq ilə ictimai müqavimətin vəhdəti, İmam Xomeyninin həyat tərzini əbədi və nümunəvi bir modelə çevirmişdir.
İmam Xomeyninin baxışına görə, həqiqi namaz qılan bir şəxs zülm qarşısında səssiz qala bilməz
İmam Xomeyninin həyatında ibadət və mənəviyyat, onun ilahi qiyamının əsas dayağı və mənəvi mənbəyi idi. O, gecələr oyaq qalaraq təhəccüd namazı qılar, daim zikr və nəfs mühasibəsi ilə məşğul olar, sürgündə və xəstəlik dövrlərində belə gecə namazı, münacat və Əhli-beytə (ə) təvəssüldən əsla uzaq qalmazdı.
İmam Xomeyni yalnız Quran tilavəti və onun üzərində təfəkkür edən bir şəxs deyildi; o, Qurani Kərimi həm fərdi, həm də ictimai həyatın hərtərəfli əməl proqramı kimi qəbul edirdi. Onun irfani əsərlərində, xüsusilə “Adabul-Salat” (Namazın ədəb qaydaları) adlı məşhur əsərində, namaz yalnız fərdi bir ibadət kimi deyil, Allaha doğru mənəvi səyahətin yolu və ədalət uğrunda qiyamın zəmini kimi təqdim olunur.
İmam Xomeyninin fikrincə, həqiqi namaz əhli zülm və təkəbbür qarşısında səssiz qala bilməz, və məhz bu baxış onun şəxsi ibadətindən qlobal bir inqilabın alovlanmasına səbəb olmuşdur.
İmam Xomeyni öz şəxsi həyatında bəndəlik, ədalət və müqavimət arasında olan bu vəhdətin canlı nümunəsi idi. Məzlumlara diqqət, israfdan uzaq durmaq, alimlərə ehtiram, övladların təqva və iman əsasında tərbiyəsi, güc sahiblərindən asılı olmamaq onun həyat prinsiplərinin əsasını təşkil edirdi. O, təqva ruhunu cəmiyyətin bünövrəsinə hopdurur, və öz mənəvi davranışı ilə yalnız bir siyasi lider deyil, saleh bir bəndə və İslam ümməti üçün mənəvi bir rəhbər kimi tanınırdı.
İmam Xomeyninin həyat yolu göstərdi ki, tövhidə əsaslanan bir cəmiyyətin qurulması, yalnız mənəviyyat və qiyamın birlikdə varlığı ilə mümkündür. Bu, bu gün də mömin və azadlıqsevər nəsillər üçün ilhamverici bir model olaraq qalır. Təəssüf ki, bu cür baxış bu günümüzün cəmiyyətində ciddi şəkildə çatışmır və onun yoxluğu dərindən hiss olunur.
İmam Xomeyninin (r) Amerika ilə danışıqlar mövzusunda baxışı nə idi?
İmam Xomeyninin (r) Amerika ilə danışıqlara dair baxışı, hegemonluq sisteminin mahiyyətinə və xüsusilə ABŞ-ın təkəbbürlü davranışlarına dair dərin bir təhlilə əsaslanırdı. O, ABŞ-ı sadəcə bir düşmən ölkə kimi deyil, “Böyük Şeytan” adlandırırdı. Bu ifadəni ilk dəfə 1358-ci ildə (1979) ABŞ səfirliyinin ələ keçirilməsi hadisəsindən sonra işlətmiş və ömrünün sonuna qədər bu baxışında israrlı olmuşdu.
İmam Xomeyninin baxışına görə, ABŞ beynəlxalq səviyyədə hegamonluğun, müdaxilənin və fəsadın simvolu idi və bu ölkə hegemonluq iddiasından əl çəkmədiyi müddətdə, onunla aparılan danışıqlar mənasız və zərərli olacaqdı. 1367-ci ildə (1988) açıq şəkildə belə bəyan etmişdi: "Amerika afam olub zülmdən əl çəkmədikcəvə dünyanın o başında Livana gəlmədikcə, Fars körfəzinə əl uzatmaq isdəmədikcə biz sona qədər dayanacağıq və onunla əlaqələr qurmayacağıq... Nəqədər ki, Amerika belədir və İsrail var, biz onlarla birgə yaşaya bilmərik."
(Səhifeye İmam, cild 19, səh. 95)
Bununla belə, İmam Xomeyni xarici siyasətində əsas prinsipi dünya dövlətləri və xalqları ilə qarşılıqlı əlaqə kimi müəyyənləşdirirdi və əlaqə qurmamağı istisna kimi qəbul edirdi, qayda kimi yox. Məsələn, ideoloji və dini baxımdan ciddi fərqlərə baxmayaraq, Sovet İttifaqı ilə əlaqələri kəsməmişdi. 1367-ci ildə o zamankı sovet lideri Mixail Qorbaçova tövhid dəyərlərinə dəvət edən tarixi bir məktub göndərmişdi.
İmam Xomeyninin siyasi-düşüncə sistemində yalnız iki rejimlə əlaqənin tamamilə qeyri-legitim olduğu vurğulanırdı: Sionist rejim (İsrail) və Cənubi Afrikadakı aparteid rejimi. Buna görə də, İmam Xomeyninin ABŞ-a münasibəti birmənalı düşmənçilikdən deyil, bu ölkənin siyasət və davranışlarının İran xalqının izzətinə, müstəqilliyinə və milli mənafelərinə zidd olması səbəbilə belə olmuşdur.
O, dəfələrlə xəbərdarlıq edirdi ki, Amerika ilə danışıqlar və əlaqə, əgər öz hegemon strukturlarını dəyişməzsə, yalnız aldatma və xəyanət gətirər.
Lakin İmam Xomeyni (r) müəyyən xüsusi hallarda, şərait və zərurətləri nəzərə alaraq, danışıqları tamamilə istisna etmirdi. Bu məsələnin bariz nümunəsi, müqəddəs müdafiə dövründə baş vermiş Makfarlin (MacFarlane) məsələsi idi. Həmin danışıqlar məhdud çərçivədə, gizli şəkildə və vasitəçilər vasitəsilə aparılmışdı. Bu mərhələdə əsas məqsəd müdafiə və silah ehtiyaclarının təmin edilməsi idi, İslam Respublikasının xarici siyasət kursunu dəyişmək deyil.
Lakin bu məsələ ifşa olunduqdan və Amerika tərəfinin qeyri-səmimiliyi aşkara çıxdıqdan sonra, İmam Xomeyni bu cür danışıqların davamına qəti şəkildə qarşı çıxmışdı. O, daim vurğulayırdı ki, istənilən danışıqlar yalnız milli izzət, inqilab prinsipləri və tam ayıqlıq qorunmaqla aparılmalıdır. Əsla sadəlövhlük və ya zəiflik göstəricisi olmamalıdır.
İmam Xomeyni ömrünün son illərində, ABŞ-ın İran İslam Respublikası ilə əlaqə qurmağa ehtiyac duyduğunu aydın şəkildə görürdü. Bununla belə, dəfələrlə xəbərdarlıq edirdi ki, istənilən əlaqə və danışıqlar yalnız güc mövqeyindən və ABŞ-ın keçmişdəki qaranlıq keçmişini nəzərə alınaraq həyata keçirilməlidir.
İmam Xomeyninin baxışına görə, danışığın qəbul edilməsi yalnız o zaman məqbul ola bilər ki, təkcə qarşı tərəfin davranışı dəyişmiş olmasın, eyni zamanda danışıqların nəticəsi də İslamın və İran xalqının mənafelərinə uyğun olsun.
Başqa sözlə, İmam Xomeyninin bu sahədəki baxışı nə mütləq şəkildə danışıqları inkar edən, nə də qeydsiz-şərtsiz qəbul edən bir mövqe idi. O, ölçü və meyar kimi milli izzət, müstəqillik və İslam İnqilabının prinsiplərinin qorunmasını əsas götürürdü.
İmam Xomeyninin (r) elmi hövzələr ilə bağlı narahatlıq və nigarançılığı nə idi?
İmam Xomeyni (r), dərin və sivilizasiya mərkəzli bir baxışla, elmi hövzələri Məhəmməd Peyğəmbərin (s) pak İslamının döyünən ürəyi hesab edirdi. Onun nəzərində, hövzələrin cəmiyyəti istiqamətləndirmək, imanlı insan yetişdirmək, İslam təfəkkürünü formalaşdırmaq və istibdad cəbhəsinə qarşı durmaq sahəsindəki rolu olduqca əsaslı və həlledici idi.
İmam Xomeyninin əsas narahatlığı bu idi ki, əgər hövzələr öz həqiqi missiyalarından uzaqlaşarlarsa, İslam zamanla cəmiyyətin gündəlik həyatından sıxışdırılıb çıxarıla bilər. Onun düşüncəsinə görə, elmi hövzə yalnız fiqh alimləri (müctəhidlər) deyil, eyni zamanda İslam cəmiyyətinin rəhbərlərini və idarəçilərini yetişdirməlidir. Hövzə yalnız fərdi dini təbliğatçı deyil, İslam sivilizasiyasının memarı olmalıdır. Bu səbəbdən, İmam Xomeyni dinlə siyasətin ayrılmasına qəti şəkildə qarşı çıxırdı və bunu İslam düşmənlərinin ruhaniyyətə qarşı qurduğu bir plan kimi görürdü.
İmam Xomeyni, hövzələrin xalqdan uzaqlaşmasından dərin narahatlıq duyurdu
O, məşhur ruhaniyyətin manifestində xəbərdarlıq edirdi ki, tələbələrin siyasi və ictimai məsələlərdən uzaqlaşması hövzələrin ağrısız və məsuliyyətsiz bir quruma çevrilməsi təhlükəsini yaradır.
O, həmçinin, hövzələrin xalqla əlaqəsinin zəifləməsi, mənəviyyatdan və sadə həyat tərzindən uzaqlaşması, və lüks və rahatçılıq təmayüllərinə qapılması kimi meyllərdən də ciddi narahatlıq keçirirdi.
O, dəfələrlə fəsada bulaşmış ruhanilərin nüfuzundan xəbərdar etmiş və bildirmişdi ki, bu azmış təbəqənin təhlükəsi bütün digər təhlükələrdən daha böyükdür. Çünki əgər ruhaniyyət dünyapərəstliyə və maddiyyata aludə olarsa, xalqın etimadı sarsılar, bu isə İslam İnqilabına düzəldilməsi mümkün olmayan zərbələr vurmuş olar.
İmam Xomeyninin (r) narahat olduğu məsələlərdən biri də hövzələrdə fikri donuqluq və təəssüb idi. O, zamanın ehtiyaclarına uyğun, canlı və dinamik bir ictihad anlayışının tərəfdarı idi və tələbələrdən gözləyirdi ki, dövrün problemlərini düzgün dərk edərək, dini düşüncəni yenidən və yaradıcı şəkildə formalaşdırsınlar.
Bu çərçivədə, yalnış və ziddiyyətli düşüncələrin hövzəyə daxil olmasından da dərin narahatlıq keçirir və Əhli-beyt (ə) maarifinin orijinallığının qorunmasının zəruriliyini vurğulayırdı.
İmam Xomeyninin hövzəyə baxışı yalnız ənənəvi təlimlə məhdudlaşmırdı. Onun strateji yanaşması, elmi hövzəni sadəcə ənənəvi tədris və təlim mərkəzi kimi deyil, tövhid əsaslı bir cəmiyyətin qurulmasında əsas rol oynayan mərkəz kimi qiymətləndirirdi. O, istəyirdi ki, hövzələr yalnız fiqh məsələləri ilə kifayətlənməsin, eyni zamanda elmi, mədəni, siyasi və ictimai sahələrdə də fəal və təsirli iştirak etsinlər.
İmam Xomeyni inanırdı ki, elmi hövzələr qlobal təkəbbürə və beynəlxalq zülmə qarşı ayıq və fəal mövqe tutmalı və cəmiyyətin rəhbərliyində imanlı, təqvalı və inqilabi ruhlu ixtisaslı kadrlar yetişdirməlidirlər.
İmam Xomeynin baxışında ideal elm hövzəsi necə olmalıdır?
İmam Xomeyninin arzuladığı hövzə: Canlı və hərəkətli, inqilabi və zamanını tanıyan, xalqdan uzaq olmayan, zöhd və mənəviyyatla bəzənmiş və İslam ümmətinin taleyinə qarşı məsuliyyət hissi daşıyan bir qurum olmalı idi. O, izolyasiya olunmuş, passiv, və İslam dünyasındakı dəyişikliklərdən xəbərsiz bir institut modelinə qarşı çıxırdı. İmamın təfəkküründə, hövzələr dünyanın ağrılarına və ehtiyaclarına bağlı, cəmiyyətlə iç-içə və ideoloji mübarizənin ön cəbhəsində duran mərkəzlər olmalı idi.
Sizcə İmam Xomeyninin ruhaniyyət manifestindəki ən mühüm mesajı nə idi?
İmam Xomeyninin (r) ruhaniyyət manifesti yalnız bir bəyanat deyil, İslam İnqilabından sonra dövrümüzdə dini hövzələrin tarixi, ictimai və mədəni missiyasının yenidən müəyyən olunması üçün əhatəli bir yol xəritəsidir. İmam Xomeyni bu sənəddə İnqilabın qarşısındakı ən böyük təhlükənin xarici düşmən deyil, hövzələrin öz sivilizasiya vəzifələrinə qarşı məsuliyyətsiz yanaşması, ruhənyiyyətə dünyapərəst, donuq və ziddiyyətli cərəyanların nüfuz etməsi olduğunu açıq şəkildə vurğulayırdı.
O təkid edirdi ki, əgər elm hövzəsi xalqdan uzaqlaşsa, dinin dərdini unutsa, siyasətdən uzaq dayansa, onda yalnız inqilabi rolunu itirməz, əksinə, zalım sistemlərin yenidən istehsalında alətə çevrilə bilər.
İmam Xomeyniyə görə hövzənin vəzifəsi sadəcə fərdi fiqhi hökmlərin təlimi deyil, həm də, İslam cəmiyyətini idarə edəcək liderlərin yetişdirilməsi, mədəni və ictimai sahədə cihad meydanında çalışan mücahidlərin tərbiyəsi olmalıdır.
İmam bu manifestdə hövzəni yalnız elmi və tədris müəssisəsi olmaqdan çıxararaq, cəmiyyətin mərkəzində yer alan, islahatçı və mübariz bir quruma çevirdi. O, belə bir hövzənin zülmə və fəsada qarşı ön cəbhədə olmasını, dövrün ehtiyaclarına uyğun dini düşüncə istehsal etməsini, islam cəmiyyətinin qurulması üçün sadiq və ixtisaslı qüvvələr yetişdirməsini istəyirdi.
İmamın ideal ruhani modeli dinamik və yenilənən ictihad, dövrün problemlərini tanımaq və dərk etmək, ictimai və siyasi sahələrdə fəallıq və səmimi sadə həyat tərzi (zöhd) kimi xüsusiyyətlərlə seçilirdi. İmam Xomeyninin baxışına görə, yalnız nəzəri müzakirələrlə məşğul olan və xalqın ağrılarına qarşı laqeyd qalan bir hövzə, "məsuliyyətsiz və hissiyyatsız" bir institutdur və bu, “elmi hövzə” adına layiq deyil.
İmam Xomeyninin (r) hövzə elmiyyəni gözləyən təhlükələrə dair analizində iki yalnış və zərərli cərəyan xüsusi yer tutur: təhhəccür (donuq, daşlaşmış təfəkkür) və eklektizm (fikir sintezində zərərli qarışıqlıq).
Təcəhhür cərəyanı, zahirdə dini görünsə də, batində köhnəlik və gerilik daşıyır; hövzəni dəyişiklik və inkişafdan uzaqlaşdırır, məsuliyyətsiz bir islam görüntüsü (dəğdəğəsiz İslam) formalaşdırır.
Eklektizm cərəyanı isə İslam təlimlərinə yad və zahiri parıltılı anlayışları qarışdıraraq dini daxildən zərərsizləşdirir və məhv edir.
İmam Xomeyni xəbərdarlıq edir ki, bu iki cərəyan zahirdə bir-birinə zidd görünsə də, nəticə etibarilə eyni sonluğa gətirib çıxarır: Xalis İslamın zəiflədilməsi və əsl ruhaniyyətin silahsızlaşdırılması.
İmam Xomeyniyə görə bu təhdidlərə qarşı ən təsirli vasitə: elm ilə təqvanın vəhdəti, zamanı düzgün anlamaq və tanımaq, elmi cihad və ictimai sahədə fəal iştirakdır.
Ruhaniyyət manifestinin əsas prinsipi müstəqil, inqilabi və xalqla bir olan ruhaniyyət kimliyinin qorunmasıdır. İmam Xomeyni ruhaniyyəti heç bir siyasi və ya iqtisadi gücə bağlı olmayan, məzlumların dayağı, ictimai birliyin təminatçısı və Peyğəmbər (s) və Əhli-Beytin (ə) yolunun varisi kimi təqdim edirdi.
O, fəsada bulaşmış ruhaniyyətin təsirini, istənilən xarici düşməndən daha təhlükəli sayırdı. Dəfələrlə xəbərdarlıq edirdi ki, əgər hövzə rifah düşkünlüyünə, təmtərağa və ictimai laqeydliyə qapılarsa, onda İslam İnqilabı əmanətə xəyanət edənlərin əlinə keçəcək.
Nəticə: Hövzə daim canlı və inqilabın daşıyıcısı olmalıdır. Beləliklə, elmi hövzə daim canlı, dinamik, xalqla bağlı və İslam İnqilabının məqsədlərini irəlilədən bir qurum olaraq qalmalıdır. Çünki xalis İslam yolunun davamı, hövzənin öz sivilizasiya missiyasına sadiqliyindən asılıdır.
Xəbərin sonu.
Rəyiniz